Hələ də zirvəsində qar olan Murovdan o biri üzdə yaralı Qırxqız dağının ətəyində bir el, bir yurd var. 22 ildir düşmən tapdağında inləyən, ocaqları sönüb kül olmuş bulaqlanndan qan axan, çəmənləri gül əvəzinə dərd bitirən Kosalar elidir bu el. Doğma Qarabağın qədim yaşayış məskənlərindən biri olan Kosalar kəndinin təməl tarixi faktları əsasən XVI əsrə söykənir. Şuşa, Laçın və Xankəndi ilə həmsərhəd olan Kosalar kəndi füsnükar təbiətə, geniş coğrafi əraziyə və barlı-bəhərli torpağa malik yurd yerimiz idi. Buz bulaqları, sıx meşələri, geniş yaylaqları, barlı bağları ilə könüllər oxşayan bu kəndin əhalisi maldarlıq, arıçılıq, ovçuluq və təsərrüfat işləri ilə məşğul olublar.
Tarixin keşməkeşli sınaqlarından həmişə üzüağ çıxan Kosalar kəndi XX əsrin sonlarında, Qarabağ müharibəsində xəyanətin qurbanı oldu. Həmişə dözümü, mərdliyi, qeyrəti və vətənpərvərliyi ilə seçilən Kosalar düşmən əlinə keçdi.
1988-ci il fevralın 12-də Xankəndi şəhərində erməni separatçılarının "miyatsum" deyə nümayiş keçirtdikləri bir vaxtdan Kosalar əhalisi ov tüfəngi, yaba, balta ilə düşmənə qarşı mübarizəyə qalxdılar. Rus imperiyasının Qarabağda səlahiyətli nümayəndələri olan Volskinin köçürmə, Palyaniçkonun yandırma siyasətindən rəvac alan erməni daşnakları daha da azğınlaşaraq azərbaycanlılar yaşayan yaşayış məntəqələrinə mütəmadi hücümlara başladılar. "Assala" "KRUNK" terror təşkilatının üzvlərinin xarici dövlətlərdən gətirilmiş muzdluların iştirakı ilə kəndlərə hücuma keçən erməni daşnakları həmişə Kosalar kəndində məğlubiyyətə uğrayaraq xeyli sayda itki verərək geri çəkilirdilər. Çünki Kosalar özünümüdafiə batalyonunun döyüşçüləri və ağsaqqallarının birgə hazırladıqları müdafiə planına uyğun döyüş gedirdi.
1990-cı ilin fevralında Böyük Vətən Müharibəsinin iştirakçısı olan Quliyev Şahbaz erməni ekstremistləri tərəfindən qətlə yetirildi. 1991- ci ilin martında Ağdam-Şuşa avtobusunun güllələnməsi nəticəsində Bayramov Cəllad şəhid oldu. 1992-ci ilin yanvarından Kosalar kəndində hər gün mütəmadi döyüşlər gedirdi. Çünki ətrafda olan Cəmilli, Kərkicahan, Meşəli kəndləri artıq erməni quldurları tərəfindən zəbt edilmişdir
1992-ci il yanvarın 26-da Çobandaşaşıran istiqamətində gedən qeyri-bərabər döyüşdə Məmmədov Sərvər ağır yaralanaraq 28 yanvarda şəhid oldu. 28 yanvarda Şuşa səmasında erməni terrorçuları tərəfindən vurulan vertolyotda Məmmədov Zakir şəhid oldu. 29 martda Kosalar kəndi uğrunda gedən döyüşlərdə Tabil Həsə nov, Rasim Ağayev şəhid oldular. Eldar Rüstəmov ağır yaralandı və 24 apreldə şəhid oldu. 29 mart günü gedən döyüşlərdə Kosalar igidlərinin erməni işğalçılarına verdikləri layiqli cavaba görə Ermənistanda 3 gün matəm elan edilmişdir.
29 apreldə erməni işğalçılarının Kosalar kəndinə növbəti hücumu zamanı itki verərək geri çəkilmişlər.
7 may 1992-ci ildə erməni işğalçıları 3 istiqamətdən Kosalar kəndi üzərinə genişmiqyaslı hücuma keçdilər. 3 gün davam edən döyüşdə Kosalar igidləri mərdliklə döyüşsələr də 9 may günündə kəndi tərk etmək məcburiyyətində qaldılar. Şuşanın işğalından sonra Kosalar kəndi Qarabağda təklənmiş və tənha qalmış yaşayış məskənlərimizdən sonuncusu idi. Son döyüşdə Mahir Abdullayev, İldırım Rzayev şəhid oldular.
Maya, Qızbəs və Şükür itgin düşdülər. Kosaların işğalından sonra döyüşçülərimiz silahı yerə qoymayaraq cəbhə bölgələrində döyüşlərini davam etdirirlər. Cəbhənin müxtəlif bölgələrində Quliyev Fərhad, Quliyev Şəmsi, Muradov Faiq, Həsənov Ramiz, Əsgərov Xəzani, Hümbətov Araz döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuşlar.
22 ildir ki, Kosalar əhalisi respublikamızın müxtəlif bölgələrində Kosalarsız yaşamalarına baxmayaraq bir gün Kosalara qayıtmaq ümidi ilə qurub yaradırlar.
Hər kəsin ürəyində bir ümid var: Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımıza qayıdış günümüz gündən-günə yaxınlaşır. Biz buna inanır və Prezidentimizə güvənirik.
Aqil HƏKİM